// Azərbaycanın “qaz körpüsü”nə çevrilməsi bütün tərəflərə yaxşı imkanlar vəd edir
Ə
ksər xalqların, eləcə də azərbaycanlıların ən gözəl alqışlarından biri belə səslənir: “Ocağınız sönməsin!” Ən ağır qarğışlardan biri isə bunun əksini nəzərdə tutur: “Ocağınız sönsün!” Ocaq - sakral anlayışdır, amma müasir dünyada onun tamamilə praktik alternativi var: Qaz. Bu gün Qaz bazarında yaşanan problemlər Avropanı ocağının sönməməsi üçün yeni həllər axtarmağa sövq edir. Variantlar isə o qədər də çox deyil.
Çətin missiya
Bu mövzuda gözəl səslənsə də, real olmayan fikirlərlə tez-tez rastlaşırıq. Nəzərə almaq lazımdır ki, bütün radikal həllər üçün ən azı 10 il vaxt tələb olunur. Avropada isə 2030-cu ildən tez prinsipcə yeni enerji mənbələrinə heç bir kütləvi keçid gözlənilmir. Yəni ən azı 10 il indiki şərtlər daxilində vəziyyəti idarə etmək lazım gələcək.
Bu, asan missiya deyil. Hazırda Avropanın qaza tələbatı ildə təxminən 530 milyard kubmetrdir. Yaxın gələcəkdə bu rəqəmin 600 milyarda çatacağı gözlənilir. Amma “köhnə dünya”nın qaza tələbatı ildən-ilə artsa da, mənbələr bu templə ayaqlaşmır. Şəkildə Avropanın qaza tələbatının artım dinamikasının mənbələrlə müqayisəli strukturu əks olunub.
Avropanın qaza tələbatı artsa da, ənənəvi qaynaqlardan tədarük əksinə, azalır. Mənbə: Beynəlxalq Enerji Agentliyi (IEA)
Göründüyü kimi, tələb artır, mənbələr isə nəinki yerlərində qalıb, hətta azalırlar. Məsələn, Niderlandın Qroningen yatağından 2013-cü ildə 50 milyard kubmetr qaz hasil olunurdusa, hazırda bu rəqəm 4 milyard kubmetrdir, yaxın gələcəkdə isə tamamilə dayanacaq. "Qroningen" nəhəng yataqdır, hətta 55 illik istismardan sonra da orada 800 milyard kubmetr qaz var. Fəqət Niderland hökuməti hesab edir ki, hasilatın davam etməsi şelfin zəlzələyə davamlığını zəiflədə bilər.
Avropanı qazla təchiz edən klassik ənənəvi mənbələrdən biri olan Niderlandın Qroningen yatağında hasilat 2030-cu ilə qədər tamamilə sıfırlanacaq.
Norveçin qaz nəhəngi olan “Equinor” şirkəti də bəyan edib ki,artıq limitinə çatıb və bundan sonra daha Avropaya qaz nəqlini artıra bilməyəcək.
Mövzuya siyasəti qatmadan əlavə edək ki, 2025-ci ildə Rusiyanın da Avropa ölkələrilə uzunmüddətli qaz təchizatı haqqında müqavilələri başa çatır. Bundan sonra onların vaxtının uzadılıb-uzadılmayacağı ayrıca bir söhbətin mövzusudur. Çünki məsələ təkcə bazarın fundamental göstəricilərindən yox, həm də Avropanın təhlükəsizlik haqqında təsəvvürlərindən asılı olacaq.
Belə vəziyyətdə nə etmək olar? Qaz bazarında islahatlar aparmaq, mexanizmin işinə dəyişiklik etmək öz yerində, amma mənbələrin diversifikasiyasını dərinləşdirmədən ötüşmək mümkün deyil. Fəqət mənbələr də o qədər də çox deyil axı. Rusiyanın Enerji İnkişafı Fondunun direktoru Sergey Pikinin AzVision.az-ın “Videocast”layihəsində dediyi kimi, “dünyada qaz qurtarır”. Gərək Qətər, Avstraliya, Amerika maye qaz satışını Asiyadan Avropaya keçirsinlər. Bu zaman isə qazın qiyməti hətta 3000 dollara qədər də qalxa bilər.
Sergey Pikin: Azərbaycan Avropanın qaz bazarında Rusiyaya rəqib ola bilməz. Amma öz yerini tuta bilər.
Bu, o deməkdir ki, qazı bir bazardan kəsib, digərinə yönəltmək effektiv həll sayıla bilməz. Daha ağıllı yol Avropa bazarına çıxa bilməyən həcmləri ora çatdırmağın yolunu tapmaqdır. Amma hansını və necə?!
Dalandan çıxış
Bu halda əsas variant kimi Xəzər hövzəsinin qazını Avropa bazarına çıxarmaq aktuallaşır. Amerikalı politoloq, “Eurasia Group” Qlobal Siyasi Riskləri Araşdırma və Konsaltinq Şirkətinin prezidenti Yan Bremerin (Ian Arthur Bremmer) sözlərinə görə, mövcud geosiyasi gərginliklərin fonunda alternativ mənbələr axtaran Avropa Azərbaycanı etibarlı təchizatçı kimi görür.
Azərbaycanın enerji resurslarının nəqlinin geniş tranzit imkanlarına malik olduğunu qeyd edən ekspertin fikrincə, Cənub Qaz Dəhlizi Avropa ölkələri, xüsusilə də İtaliya üçün yeni və mühüm təchizat mənbəyinə çevrilə bilər.
Ötən ilin noyabrın 28-də Azərbaycan, İran və Türkmənistan arasında qaz mübadiləsilə bağlı SWAP saziş imzalandı. Dekabrın 22-də icrasına başlanılan bu anlaşma əlavə investisiya qoymadan, mövcud infrastrukturdan istifadə etməklə ölkələr arasında qaz mübadiləsinin həyata keçirilməsinə imkan verir. Sazişə əsasən, Türkmənistan gündə 5-6 milyon kubmetr qazı İran vasitəsilə Azərbaycana nəql edəcək, illik həcm 1,5-2 milyard kubmetr olacaq.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın neft naziri Cavad Ouji üç ölkənin arasında qazın mübadiləsini nəzərdə tutan svop müqavilələri ilə.
Bu sxem hazırkı şəkildə ilk növbədə Naxçıvanı qazla təmin etmək üçündür. Amma faktik olaraq Türkmənistan qazının Azərbaycan və Türkiyənin şəbəkəsinə düşməsini təmin edirsə, vacib bir sual yaranır: Həcmi daha da artıraraq, Cənub Qaz Dəhlizi ilə Avropaya daşımaq olmazmı?
Svop həlli
Türkiyə Enerji Strategiyası Pazarlama Araşdırmaları Mərkəzi – TESPAM-ın sədri Oğuzhan Akyenerin AzVision.az-a dediyinə görə, həmin svop müqaviləsində nəzərdə tutulan Türkmənistan qazı demək olar ki, Naxçıvanın ehtiyacını qarşılayacaq qədərdir. Türkmənistandan əlavə qaz almaq üçün isə xeyli işlərin görülməsi lazımdır. Bunun üçün daha böyük həcmdə bir svop anlaşmasına ehtiyac var. Bu zaman isə boruların ötürücülük qabiliyyəti əsas problem kimi ortaya çıxır.
Oğuzhan Akyener: “Türkmənistandan əlavə qaz almaq üçün daha böyük həcmli svop anlaşması müzakirə olunmalıdır”
Enerji məsələləri üzrə ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanınsözlərinə görə, hazırda Cənub Qaz Dəhlizinin real ötürücülük imkanı 16 milyard kubmetrdir. Amma nəzərə alsaq ki, dəhlizin üzərində 8 kompressor stansiyası var, onların hər birinin gücü artırılsa, ötürücülük imkanını 16-dan 31 milyard kubmetrə qaldırmaq mümkündür. Bunun 10 milyard kubmetri əlavə həcm üçün nəzərdə tutula bilər. Bu həcmdə Türkmənistan, İran, hətta Rusiya qazına da yer tapılar.
Hazırda Rusiya Xəzərdə hasil etdiyi neftin ildə təxminən 1 milyon tondan çox hissəsini “Bakı-Tbilisi-Ceyhan” kəmərilə dünya bazarına çıxarır. Ümumilikdə 2015-ci ildən 2022-ci ilə qədər Rusiyaya məxsus 10 milyon ton neft bu kəmərlə daşınıb. Yəni belə əməkdaşlığın mümkün olduğunu sübut edən təcrübə var.
- "Lukoil" aktiv şəkildə Xəzərin Rusiya sektorunda qaz da çıxarır. Həmin qazın bir hissəsini “Mozdok-Hacıqabul” kəmərilə Azərbaycana yönəldib, buradan dünya bazarına yönəldə bilər. İldə 1 milyard kubmetr qazın bu şəkildə ötürülməsi nəzəri və praktik baxımından tamamilə mümkündür,- ekspert vurğulayıb.
Bu halda Azərbaycan bütün tərəflərə sərf edəcək bir şəkildə regional qovşağa (“hub”a) çevrilir. Xəzərətrafı dövlətlər praktik olaraq əlavə infrastruktur yaratmağa xərc çəkmədən qazlarını yüksək qiymətə Avropaya satmaq üçün əla imkan qazanırlar. Nəhəng təbii qaz ehtiyatlarına malik olan Türkmənistan və İran üçün bu, Avropa bazarlarına çıxmaq istiqamətində unikal bir şansdır.
Regonal qovşaq
Azərbaycanın qaz istehsalçısı olan bütün region dövlətləri ilə qaz mübadiləsi həyata keçirməsi önəmli məqamdır. Belə əməkdaşlığın nəticəsində gələcəkdə Rusiyanın da çoxtərəfli SWAP sazişinə qoşulması mümkündür. Bu gün Rusiyadan qaz alıb, Gürcüstana veririk. İran və Türkmənistanla birbaşa sərhədi olmayan Rusiya Azərbaycan vasitəsilə həmin ölkələrlə də belə bir əməkdaşlıq həyata keçirə bilər.
Hazırda Türkiyə bir növÖn Asiyada qaz qovşağı (“hub”) rolunu yerinə yetirir. Həm ərəb ölkələrindən, həm Rusiyadan (“Türk axını”), həm Azərbaycandan gələn qaz Türkiyəyə daxil olur və buradan Avropaya yönəldilir.
SOCAR-ın vitse-prezidentinin köməkçisi İbrahim ƏhmədovAzVision.az-ın “videocast”layihəsində bildirib ki,Güney Qafqazda həmin rolu Azərbaycan yerinə yetirə bilər. Ötən il 19 milyard kubmetr qaz ixrac edən Azərbaycanın 3,5 milyard kubmetrlik tutumu olan qaz anbarları mövcuddur. Qarşıda dayanan vəzifə onların artırılmasıdır.
İbrahim Əhmədov: Azərbaycanın regional qaz qovşağına çevrilmək üçün tələb olunan bütün imkanları var.
SOCAR rəsmisi də təsdiqləyir ki, texniki imkanları genişləndirəndən sonra Türkmənistan və İran qazının Avropaya nəqli perspektivini nəzərdən keçirmək olar. Lakin təşəbbüs onlardan gəlməlidir. Güman ki, gələcək də: bu gün heç bir əlavə vəsait qoymadan Avropanın qaz bazarına çıxmaq imkanı istənilən dövlət üçün cazibəlidir. TAP-ın şimala doğru şaxəsi olan İonik-Adriatik kəməri vasitəsilə Avropa bazarına artıq 10 milyard kubmetr qaz nəql edilib. Xəzər hövzəsinin qazı bu yolla Albaniya, Monteneqro, Bosniya və Herseqovina, Xorvatiya kimi ölkələrə çatdırıla biləcək.
Ukraynanın Milli Strateji Araşdırmalar İnstitutunun Xarici Siyasət Araşdırmaları Mərkəzinin baş məsləhətçisi, iqtisad elmləri namizədi İvan UsAzVision.az -a müsahibəsində deyib ki, Trans-Adriatik qaz kəməri vasitəsilə qaz nəqlinin artırılmasına dair razılaşma əldə etmək üçün yaxın vaxtlarda Aİ-nin enerji Komissarının Bakıya səfəri gözlənilir. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Komissarı isə öz bloqunda Azərbaycanı ABŞ və Qətərlə birlikdə Aİ-nin qaz təchizatının əsas mənbələrindən biri kimi göstərib.
Beləliklə, Azərbaycanın Avropanın qaz bazarında əhəmiyyətli oyunçu olmaq üçün kifayət qədər yaxşı şansları var. Bu şanslar bütün region dövlətləri üçün fürsətə çevrilə bilər.
Avropa İttifaqının enerji komissarı Jozep Borrel Azərbaycanı əsas alternativ mənbələrdən biri saydıqlarını gizlətmir
Gələcəyin resursu
Energetikanın gələcəyinin necə olmasından asılı olmayaraq, dünyada təbii qaza tələbat artmaqda davam edəcək. Ən təmiz yanacaq olmaqdan əlavə, təbii qazın həm də böyük sənaye əhəmiyyəti var. Bu gün təbii qazdan 250-yə yaxın müxtəlif məhsul alınır. Hazırda onların ən vaciblərindən biri sözsüz ki, mineral gübrələrdir.
Emalın birinci mərhələsində təbii qazdan ammiak əldə edilir. Bu, artıq özlüyündə gübrədir, eyni zamanda, sonrakı emal prosesində azot turşusu, selitra, karbamid istehsalı üçün xammaldır. Məhz buna görə qazın bahalaşması ilə paralel olaraq Avropada gübrənin və dolayısı ilə ərzaq məhsullarının da qiyməti qalxdı.
SOCAR-ın karbamid zavodu ölkə iqtisadiyyatındakı ən böyük layihələrdən biridir. 800 milyon avro investisiya qoyulan zavod ildə 435 milyon kubmetr təbii qazı xammal kimi işlədərək, 650 min ton karbamid istehsal edəcək.
Azərbaycan təbii qazın təkcə xammal kimi ixracında yox, ondan hazırlanan son məhsulun satışında da çox maraqlıdır. Hələ sovet dövründə burada qaz emal zavodu tikilib, yəni sənayenin bu sahəsinin ənənəsi var. Bir neçə il əvvəl isə yeni karbamid zavodu istismara verildi. Nəticədə indi Azərbaycan nəinki özünün azot gübrəsinə olan daxili tələbatını ödəyir, həm də ixrac edir. Əlbəttə ki, bu, qazın xammal kimi satışından daha sərfəlidir.
Nəzərə alsaq ki, ölkə qazın emalını genişləndirməyi planlaşdırır, yaxın gələcəkdə yerli sənayenin xammal kimi təbii qaza ehtiyacı artacaq. Bu isə swop-sxemlərlə əlavə qazın cəlbi üçün imkanların genişlənəcəyi deməkdir.
Perspektiv
XX əsrin geosiyasətini neft müəyyən edirdi. XXI əsrdə bu rol qaza keçir. Hazırda gələcəyin energetikasının nəyin üzərində qurulacağı intensiv axtarış və müzakirələrin mövzudur. Əsas namizədlərdən biri isə hidrogen energetikasıdır. Bəs hidrogenin özü haradan alınacaq? Bəşəriyyət dəniz suyundan hüdudsuz miqdarda hidrogen əldə edəcəyi texniki səviyyəyə hələ çatmayıb. Ona qədər isə dövri sistemin birinci elementinin alınacağı xammal təbii qazdır. Dolayısı ilə, bəşəriyyətin neft və qazdan sonrakı inkişafının aralıq mərhələsi yenə də qazın üzərində qurulacaq. Bu isə qazı XXI əsrin əsas resursu olacağını iddia etməyə imkan verir. Yeni əsrin geosiyasətini müəyyən edən əsas amillərdən biri məhz o olacaq. Həmin gələcək isə artıq başlayıb.
18 Fevral 2022
Oxunub: 18190
Oxunma vaxtı: 23 dəq.